Ser İsaak Nyuton - Tarixin ən böyük alimi
Bu məqalədə Ser İsaak Nyutonun uşaqlığından başlayaraq Kembric illərinə, mühüm elmi kəşflərinə, ümumdünya cazibə qanunu və Principia Mathematica əsərinin yaranmasına, optika və riyaziyyat sahəsindəki fəaliyyətinə qədər uzanan həyat hekayəsindən qısaca bəhs olunur. Məqalədə Nyutonun əlkimya və teologiyaya olan marağı, Robert Huk və Leybnizlə elmi mübahisələri, Kral Zərbxanasındakı fəaliyyəti, Kral Cəmiyyətinə rəhbərliyi, şəxsiyyəti və həyatının son illəri də geniş şəkildə ələ alınır.
Əksəriyyət üçün Nyuton,
əlçatmaz hətta mifoloji bir fiqurdur, başına düşən almanın köməyi ilə kainatın
sirlərini açan, zamanı aşan bir dahidir. Amma reallıq daha mürəkkəbdir. Bu
məqalədə sizi 17-ci əsr İngiltərəsinə, Kembricin tozlu dəhlizlərinə, kimyagərin
sirli laboratoriyasına və bir dahinin zehninin ən qaranlıq guşələrinə
aparacağam. Bu məqalə, elmdə köklü dəyişikliklər edən, eyni zamanda
həyatının sirli tərəfləri ilə maraq doğuran bir alimin həyat hekayəsidir.
Videonun əsas hissəsinə
keçmədən öncə qeyd etmək istərdim ki, Nyutonun doğum günü, o doğulduğu zaman
istifadə edilən Yuli təqviminə görə, 25 dekabr 1642-ci ildə qeyd olunur. Lakin
müasir Qriqorian təqviminə görə o, 4 yanvar 1643-cü ildə anadan olub. Yəni,
Nyutonun, deyimi yerindəysə, iki doğum günü var.
Nyutonun uşaqlığı
Nyuton dünyaya gəlməzdən üç ay
əvvəl atasını itirdi. Vaxtından öncə doğulduğu üçün körpəlikdə həddən artıq
zəif olub. Çoxları onun yaşayacağına inanmırdı. Əfsanəyə görə, onu qoyun
dərisindən tikilmiş əlcəyə qoyublar, o, bir dəfə yerə düşüb və başı əzilib. O,
uzun müddət xaç suyuna salınmamışdı. Nəhayət, bir müddət keçəndən sonra 1
yanvar tarixində xaç suyuna salınmış və körpəyə atasının şərəfinə İsaak adı verilib.
Nyuton 3 yaşı tamam olanda anası ikinci dəfə ərə gedib. Balaca İsaak nənəsi
Marqeri Eyskounun himayəsində qalıb. Tarixçilər belə hesab edirlər ki, bu erkən
ayrılıq onun ruhunda dərin və ömür boyu sağalmayacaq bir yara qoyub. Bu
fikirdən yola çıxaraq deyə bilərik ki, Nyuton içinəqapanıq, özünəinamsız bir
uşaqlıq keçirib. Nyuton ögey atasını bəyənmirdi və 19 yaşına qədər işlədiyi
günahlar siyahısına belə bir qeyd yazmışdı: “Atamı, anamı və evlərini
yandırmaqla hədələmək.” Anasının bu evlilikdən 3 övladı olmuş və İsaakı qardaşı
Uilyam Eyskouya tapşırıb. Bir dəfə dayısı Uilyam Eyskou Nyutonu əlində kitab
dərin fikirlərə qərq olmuş halda müşahidə edib. Onun əlindəki kitaba nəzər
salan dayısı, onun öz yaşına tamamilə uyğun gəlməyən mürəkkəb riyazi məsələlərə
maraq göstərdiyini görmüş və anasından İsaakın təhsilini davam etdirməsi
arzusunu nəzərə almasını xahiş edib.
Orta məktəbə başlamazdan əvvəl
günəşin hərəkəti ilə bağlı araşdırma aparmışdı. 1653-cü ildə ögey atası vəfat
edəndə Nyuton anası ilə birlikdə Vulstorpa qayıtdı. Təxminən on iki yaşından on
yeddi yaşına qədər Nyuton Qrantamdakı Kral məktəbində təhsil alıb. Bu məktəbdə
latın və qədim yunan dili tədris olunurdu və riyaziyyatla bağlı ilkin
biliklərin bünövrəsi qoyulurdu. Anası Nyutonu məktəbdən uzaqlaşdırdı və 1659-cu
ilin oktyabrında Vulstorpa qayıtdı. İkinci dəfə dul qalmış anası Nyutonu
məktəbdən çıxararaq, təsərrüfatla məşğul olması üçün cəhd göstərdi. Lakin məktəbin direktoru
Henri Stoks Nyutonun anasından onu yenidən məktəbə göndərməsini xahiş etdikdən sonra
anası bu fikrindən vaz keçdi.
Məktəbə qayıdan Nyuton sıravi
bir şagird deyildi. Mexaniki ixtiralar və kitablarla dolu otağı onun ilk
laboratoriyası idi. O, məktəbdə sənətkarlığı ilə seçilirdi. Külək və su
dəyirmanları, hətta ayaq mexanizmi ilə
işləyən alətlər və məsafəni ölçən bir cihaz düzəltmişdi. Küləyin sürətini ölçmək üçün
əlinə keçən sadə materiallardan istifadə etməsi onun eksperimental zehninin nə
qədər erkən formalaşdığını göstərir. Lakin akademik cəhətdən o, əvvəllər çox da
parlaq deyildi. Bu zəif parıltı məktəbdəki bir uşaqla dava edənə kimi davam
etmişdi. Artur Storer adlı bu oğlan Nyutonun qarnına təpiklə vurmuşdu. Lakin
Nyuton onu duelə çağırmış, dueldə onu döymüş və məktəbin ən yaxşı şagirdi olana
kimi onun başını buraxmamışdı. Bu hadisə onun rəqabətcil və heç vaxt təslim
olmayan xarakterini erkən yaşlarında ortaya qoymuşdu.
Kembric illəri
1661-ci ildə, 18 yaşında, o,
Kembric Universitetinin Triniti Kollecinə kasıb xidmətçi tələbə kimi daxil
oldu. Bu, onun üçün yeni bir dünyanın qapılarını açdı. Lakin bu dünya Nyutonun
darıxdırıcı və qeyri-kafi hesab etdiyi Aristotel məntiqi və klassik fəlsəfə ilə
dolu idi. Kembricdə o dövrdə Kopernik və Keplerin nəzəriyyələrinə məhəl
qoyulmur, Qalileyin əsərləri tanınmır, mühitdə Aristotel fəlsəfəsi hökm sürürdü.
O, Kopernik, Qaliley və Keplerin qadağan olunmuş kitablarını oxuyur, bununla
kifayətlənməyərək öz dövrünün müasir fizik, riyaziyyatçı və filosoflarını da
tədqiq edir, təkbaşına öyrənirdi. O, 1664-cü ildə təqaüdə layiq görülənə qədər
ofisiant vəzifəsini yerinə yetirərək öz təhsil haqqını ödəyirdi. Triniti
Kollecindəki ayrı-seçkiliklərə və rəqabət dolu mühitə baxmayaraq təqaüd
almışdı. Bu seçimdə onun Kembricdəki əsas himayədarlarından biri olan Hamfri
Babinqtonun böyük rolu olduğu düşünülür. Universitetdə oxuduğu müddət ərzində
onun riyaziyyat və fizikaya marağı, biliyi və ustalığı hədsiz dərəcədə
artmışdı. Nyuton bir yarmarkada astrologiya kitabı almış, lakin həndəsə və
riyaziyyatı kifayət qədər bilmədiyi üçün astrologiyanı başa düşə bilməmişdi. Sonra
Evklidin “Elementlər” kitabını oxudu. Lakin o, “Elementlər” kitabını o zaman
bəyənmədiyini və Dekartın həndəsə kitabının onun diqqətini daha çox çəkdiyini
bildirdi. 1664-cü ildə Dekartın "Həndəsə" əsəri ilə qarşılaşması onun
həyatında dönüş nöqtəsi oldu. Bu kitabı anlamaq üçün dəfələrlə yenidən oxuyur,
hər çətin hissənin əvvəlinə qayıdırdı. Elə həmin il məşhur qeydini
"Quaestiones Quaedam Philosophicae" adlandırdığı dəftərə yazdı:
"Amicus Platon, amicus
Aristoteles, magis amica veritas." yəni Platon mənim dostumdur, Aristotel
mənim dostumdur, amma ən böyük dostum həqiqətdir.
Kembricdə oxuduğu ilk 6 il
ərzində Nyuton kollecdəki bütün dərəcələrini keçib. Onun bütün gələcək kəşfləri
bu illərdə hazırlanıb. 1665-ci ildə Nyuton bakalavr təhsilini bitirərək, magistr
pilləsinə qədəm qoyub. Nyuton bu illərdə indiki dispersiya hadisəsi üzrə ilk
təcrübələrini aparıb.
Mirabilis Annus
1665-ci ildə Avropanı bürüyən
taun epidemiyası səbəbindən Kembric Universiteti bağlandı. Universitet
bağlandığı üçün Nyuton Vulstorpa geri döndü. Bu məcburi iki illik təcrid tarixə
"Möcüzələr İli" kimi düşdü. Fizik Lui More bu illərlə bağlı “Elm
tarixində Nyutonun əldə etdiyi bu iki qızıl il ərzində müqayisə ediləcək başqa
nailiyyət nümunələri yoxdur” demişdi. Burada sakit kənd həyatına başlayan 24
yaşlı alim əlinin altında heç bir kitab, heç bir cihaz olmadan, az qala
tərkidünyalıq həyatı yaşayaraq dərin fəlsəfi fikirlərə qərq olmuşdu. Bu
fikirlərin bəhrəsi ümumdünya cazibə qanunu oldu. Akademik Vladimir Vernadski
Nyutona həsr olunmuş kitabında yazır: "Bir yay günü idi. Nyuton bağda açıq
havada oturaraq düşünməyi çox sevirdi. Rəvayətə görə, yetişmiş almanın yerə
düşməsi Nyutonun düşüncələrinə son qoyub… Nyuton çoxdan idi ki, cismlərin
düşməsi barədə düşünürdü və mümkündür ki, almanın yerə düşməsi onu bir daha
düşüncələrinə sövq etmişdi. Sonralar Nyuton yazırdı ki, ümumdünya cazibə qanunu
formulunu Keplerin məşhur qanunlarının öyrənilməsi nəticəsində əldə edib".
Əlbəttə ki, bu hekayə heç də sadə olmayan bir prosesin rəmzidir. Nyuton
əvvəllər də Ayın hərəkəti haqqında düşünürdü. Nyutona yaxın olanların qeydləri
göstərir ki, almanın düşməsini izləyərkən o, Yer kürəsinin cazibə qüvvəsinin almaya təsir edən qüvvə ilə eyni
olduğunu və bu
qüvvənin Aya kimi yayıla biləcəyini düşünürdü. Nyutonun dostu Uilyam Stukli
deyir ki, o, 1727-ci ildə London yaxınlığındakı Kensinqtondakı evində Nyutonu
ziyarət edərkən, onlar çay içmək üçün alma ağaclarının altında oturublar. Onun
dediyinə görə, Nyuton, cazibə ideyasının ona düşən almanı seyr edərkən
gəldiyini söylədi. 1666-cı ildə, öz sözləri ilə desək, "kəşf dövrünün
baharında" idi. Otağında daim qarşısında duran məsələlərlə o qədər məşğul
idi ki, yemək yeməyi və yatmağı unudurdu. Bu gərgin iş dövrü sonradan
yaşayacağı problemləri qabaqcadan göstərirdi. Məhz bu dövrdə tapdığı
riyaziyyatda əyri altındakı sahəni hesablamaq üçün sonsuz sıra metodu onu
Avropada aparıcı riyaziyyatçılardan etmişdi. Bu dövrdə Nyuton təkcə əyri
altındakı sahəni hesablamaq üçün sonsuz sıra metodunu yox, sonradan kalkulus
adlandırılacaq riyazi metodun əsaslarını formalaşdırmışdı. Lakin Nyuton öz
kəşflərini dərc etməkdə son dərəcə istəksiz idi. Bu istəksizlik ömürlük bir
vəsvəsəyə çevriləcək və gələcək ən böyük mübahisələrindən birinin toxumlarını
səpəcəkdi. Bu, həm öz işini qorumaq instinktindən, həm də tənqidə qarşı
həssaslığından irəli gəlirdi.
Lukasian professoru
1667-ci ildə Nyuton Kembric
Universitetinə geri döndü və iki il sonra, 1669-cu ildə Lukasian professorluğu
vəzifəsinə yüksəldi. Ona qədər bu vəzifə müəllimi İsaak Barrouda idi. Barrou
sevimli tələbəsini maddi cəhətdən dəstəkləmək üçün bu vəzifəni ona güzəştə
getmişdi. 1660–1667-ci illərdə onun əsas ideyaları, eləcə də ümumdünya cazibə
qanunu öz təsdiqini tapıb. İşıq ilə əlaqədar etdiyi təcrübələr nəticəsində, linzalı
(refraktor) teleskopların qüsurlar yaratdığını fərq etdi və 1668-ci ildə yeni
teleskop hazırladı. Bu teleskop onun Kral Cəmiyyətinin üzvü seçilməsinə əsas
verdi, lakin Nyuton çoxlarının yalnız arzu edə biləcəyi bu imkandan imtina etdi,
çünki onun üzvlük haqqını ödəmək üçün maddi imkanı yox idi. Buna baxmayaraq,
Nyutonun elmi xidmətlərini nəzərə alan cəmiyyət onu üzvlük haqqından azad
edərək istisna hal kimi dahi alimi öz sıralarına qəbul etdi.
Robert Hukla dava
Bundan sonra onun işığın heterogen
təbiətini sübut edən və rənglərin ağ işığın tərkib hissələri olduğunu bildirən
məqaləsi dərc olundu. Lakin, onun bu məqaləsi gözlədiyi həvəslə deyil, şiddətli
tənqidlə qarşılandı. Xüsusilə, Robert Huk, Nyutonun təcrübələrinin illər əvvəl
apardığı təcrübələrdən heç də fərqlənmədiyini və rənglərin işığın dəyişməsinə
əsaslandığını iddia etdi. Huka verdiyi məşhur cavabında Nyuton bu sözləri
söylədi: "Əgər mən başqalarından fərqli olaraq daha uzağı görmüşəmsə, bu,
ona görədir ki, nəhənglərin çiyinlərində durmuşam". Bunu təvazökarlıq,
gizlədilmiş təkəbbür, yoxsa Hukun donqar belinə incə bir istinad olub-olmadığı
tarixçilər arasında hələ də müzakirə olunur. Bu bir kənarda dursun, biz əsas
problemimizə qayıdaq. Hukun tənqidləri Nyutonda kin, nifrət və düşmənçilik kimi
hissləri alovlandırmışdı ki, bu hisslər Nyutonun sonrakı bütün işlərinə öz
kölgəsini salacaqdı.
Əlkimyaçı Nyuton
Bu müzakirələrdən bezən Nyuton
özünü tamamilə başqa bir sahəyə - əlkimyaya həsr etmişdi. Bəli, Nyuton həm də
əlkimyaçı idi. O, 1669-cu ildə London səfərindən sonra əlləri əlkimya alətləri
və avadanlıqlarla dolu Kembric şəhərinə qayıtmış və "Cənab F" kimi
sirli insanlardan əldə etdiyi əlkimya əlyazmalarını şəxsən köçürərək çoxlu
sayda əlkimya mətni toplamışdı. 1670-ci illər ərzində o, saatlarla bu əlkimya
mətnlərini oxuyur, öz laboratoriyasında təhlükəli təcrübələr aparırdı. O, ulduz
şlakı və misdən istifadə edərək, Mars və Veneranın birləşməsi və Vulkanın
torunun mifoloji hekayəsindən ilhamlanaraq "Tor" (rete Vulcani) adlandırdığı
hermafrodit maddə istehsal etməyə çalışdı. O, bu kristal maddəni istehsal etmək
üçün qarışdıra biləcəyi maddələrin nisbətlərini diqqətlə qeyd etmiş və
təcrübələrində ammonium xlorid kimi maddələrdən də istifadə etmişdi. Onun
məqsədi bu yollarla qızıl əldə etmək deyildi; əlkimya, maddənin mahiyyəti,
Tanrının yaratdığı gizli qüvvələr və kainatın mənəvi quruluşu haqqında onda
yaranan dərin bir marağın nəticəsi idi. Dəftərləri "Yaşıl Aslan",
"Fəlsəfə Daşı" və "Diananın Göyərçinləri" kimi əlkimya
terminləri ilə dolu idi. Bu qeydlərə tərkibində 879 başlıq və 5000-dən çox
sitat olan “Kimyaçının indeksi” adlı sənəd də daxildir. Nyuton inanırdı ki,
qədim kimyagərlər metaldan qızılın hazırlanması düsturunu bilirlər, lakin bu
düstur itib. Buna görə də o, civə və azot turşusundan istifadə edərək
təcrübələr yolu ilə bu düsturu tapmağa çalışıb. Onun otaq yoldaşı Con, Nyutonun
gecələr metallarla təcrübə apardığını söyləmişdi. Bütün bunlar mübahisələrdən
və fizikadan bezmiş bir zehnin təbiətə daha üzvi və mistik baxımdan yanaşmaq
səyi idi. Bu dövrdən məktublarında tez-tez bəhs etdiyi "digər işləri"
məhz əlkimya idi. Hətta onu az qala öldürəcək civə buxarına uzun müddət məruz
qalmasının səhhətinə öz böyük “töhfəsini verdiyi” düşünülür. O, 1678-ci ildən
bəri həyatında çox böyük və mühüm yer tutan əlkimya təcrübələrini müvəqqəti
olaraq, 1684-1685-ci illərin payız, qış aylarında, özünü "Principia"
- nı yazmağa həsr edərkən tərk etmişdi.
Eyni zamanda, Nyuton dini
inanclarında da köklü bir dəyişiklik yaşayırdı. Triniti Kollecində keşiş olmaq
məcburiyyətindən yayınmaq üçün Nyuton xüsusi kral imtiyazı almalı idi. Bunun
səbəbi Nyutonun Üçlüyü rədd edən arian olması idi. Onun sözlərinə görə, İsa
Tanrı ilə insan arasında vasitəçi idi, lakin Tanrının özü deyildi. Bu inanc onu
dövrün İngiltərəsində çox təhlükəli bir situasiyaya sürükləyirdi, belə ki,
Nyuton ölüm cəzası ilə cəzalandırıla bilərdi. Bu məsələnin dərinliklərini,
ümumiyyətlə, Nyutonun dini baxışlarını daha sonra ətraflı müzakirə edəcəyik.
Principia-ya gedən yol
1684-cü ildə astronom Edmund
Halley Kembricə gəlmiş və Nyutondan bir sual soruşmuşdu: Planetləri Günəş
ətrafında elliptik orbitlərdə hansı qüvvə saxlayır? Halley bu mövzuda Robert
Huk və Kristofer Renlə mərc etmiş və mövzu ilə bağlı məlumat üçün Nyutona
müraciət etmişdi. Nyuton bu sualı illər əvvəl həll etdiyini, lakin
hesablamalarını itirdiyini söylədi. Bu görüş haqqında məlumatı biz Nyutonun
sirdaşı riyaziyyatçı Abraham de Muavrın qeydlərindən öyrənirik. Halleyin təkidi
ilə Nyuton məsələni yenidən həll edərək, məşhur doqquz səhifəlik "De Motu
Corporum in Gyrum" yəni “Orbitdəki Cisimlərin Hərəkəti Haqqında” esse
yazdı. Halley dərhal bu essenin əhəmiyyətini anladı və Nyutonu onu bir əsərə
çevirməyə təşviq etdi. Beləliklə, Principia Mathematica-nın doğuşu başladı.
Principia-nı yazarkən Nyuton
çoxlu fizika qanunlarını və anlayışları yenidən təyin etməli olmuşdu. O, qüvvə,
kütlə və ətalət kimi anlayışları ilk dəfə bu gün başa düşdüyümüz şəkildə
formalaşdırmışdı. Kitab riyazi cəhətdən şah əsər idi; eyni zamanda Dekartın
burulğan nəzəriyyəsinə və mexanik fəlsəfəsinə birbaşa meydan oxuyurdu. Kral
Cəmiyyəti əvvəlcə kitabı nəşr etdirəcəyinə söz versə də, maddi sıxıntılar
səbəbindən bu çapdan imtina etdi. Xoşbəxtlikdən, Halley kitabın çapını öz
üzərinə götürdü.
1687-ci ildə
"Philosophiae Naturalis Principia Mathematica" yəni “Təbiət
Fəlsəfəsinin Riyazi Prinsipləri” nəşr olundu. Kitab latın dilində idi. Məşhur
riyaziyyatçı və astronom Jozef Lui Laqranj bu kitabı "insan ağlının ən
böyük məhsulu" kimi təsvir etmişdir. Bu kitab o dövrə qədər yazılmış ən
təsirli elmi əsər idi. Bu kitabla Nyuton ümumdünya cazibə qanununu və üç
hərəkət qanununu ortaya qoydu. Beləliklə, növbəti üç əsr boyu elm dünyasına
hakim olacaq bir çərçivə çəkdi. Principia üç əsas hissədən ibarətdir. Birinci
fəsildə Qalileyin təcrübələri təriflənir və Kepler qanunlarının riyazi
sübutları təqdim olunur. Bundan əlavə, bu fəsildə Nyutonun hərəkət qanunları
kimi tanınan ətalət prinsipi, kütlə və təcilin hasilinin qüvvəyə bərabər olması
və təsirin əks təsirə bərabər olması qanunu izah edilir. İkinci hissə mayelərdə
hərəkəti araşdırır və ən yaxşı gəmi dizaynı üçün tövsiyələr verir. Bu bölmədə
dalğa hərəkətlərinin riyazi tədqiqi xüsusi maraq doğurur. Üçüncü fəsil “Dünya
sistemi” adlanır və Nyutonun cazibə nəzəriyyəsinin göy cisimlərinin hərəkətlərini
necə izah etdiyini göstərir. Bu bölmədə Nyuton Ayın Yer ətrafında hərəkətindəki
nizamsızlıqları və cazibə qüvvəsi ilə planetlərin orbitlərindəki əyilmələri
izah edir.
Lakin kitabın uğuru Nyutona
rahatlıq gətirmədi. Huk iddia edirdi ki, cazibə qüvvəsinin tərs kvadrat
qanununu ilk dəfə o formalaşdırıb və Nyuton onun ideyasını oğurlayıb. Nyuton
bunu eşidəndə son dərəcə qəzəbləndi. Hətta Huka qəzəblənərək, öz kitabının üçüncü hissəsini
nəşr etdirməkdən imtina edəcəyini bildirdi. Halley Nyutonu sakitləşdirmək üçün çox böyük səy
göstərdi; kitabda Huka yer verdi, lakin bu, onların arasındakı düşmənçiliyi heç
vaxt söndürmədi. Nyuton ölümünə qədər Huka nifrət etməyə davam etmişdi.
“Principia”-da Huka yer verilsə də, adı səhv qeyd olunmuşdu. Bu nifrət burada
qalmamışdı. Çox böyük ehtimalla Nyuton Hukun çəkilmiş bütün portretlərini məhv
etdirmişdi. Hukun ölümündən sonra Kral Cəmiyyətinin prezidenti olmuş Nyuton
Hukun elmi töhfələrini bilərəkdən və istəyərəkdən minimal şəkildə qeyd
etdirmişdi. Bu, Hukun elm tarixində, deyimi yerindəysə, unudulmasına səbəb
olmuşdu. Huk yalnız 20-ci əsrdə yenidən kəşf edildi.
London
1689-cu ildə anası yatalaq
xəstəliyindən vəfat edib. Son günlərində gecə-gündüz onun yanında olan Nyuton, müxtəlif dərmanlar
hazırlayaraq anasına fədakarlıqla qulluq etsə də, onun həyatını xilas etmək
mümkün olmadı. Bu itki böyük alimi dərindən sarsıtmışdı. Məhz bu ildə Nyuton Kembric
Universitetini təmsilən Parlamentə seçildi. Londona köçdüyü və burada keçirdiyi
illər onu yeni bir sosial dairə ilə tanış etdi. O, Con Lokkla dərin dostluq
qurmuş və gənc fransız riyaziyyatçısı Nikolas Fatio de Duillier ilə tanış
olmuşdu. Bu münasibət Nyutonun həyatındakı ən sirli və yaxın dostluq idi. Fatio
Nyutona heyran idi; Nyuton da öz növbəsində ona qeyri-adi bir yaxınlıq hiss
edirdi. Nyuton onu Kembricə köçdürməyə çalışdı, hətta ona maddi dəstək
göstərirdi. Fatio Nyutonun əlkimya, din və fizika haqqında ən gizli fikirlərini
bölüşdüyü yeganə insan idi. Lakin 1693-cü ildə bu yaxın münasibət qəfil və
sirli şəkildə sona çatdı. Fatio Nyutonun həyatından yox oldu; Nyuton dərin
depressiyaya düşdü. Onun bu vəziyyətə düşməsinin bir səbəbi baş vermiş yanğın
nəticəsində bütün əlyazmalarının məhv olması idi.
1693-cü ilin sentyabrında
Nyuton iki məktub yazdı. Biri dostu Samuel Pepsə, digəri Con Lokka getdi.
Məktublar zehni tükənmənin sənədi idi. Nyuton Pepsə yazırdı: "Artıq səni
və ya başqa bir dostumu görmək istəmirəm." Lokka qarşı daha sərt və
ziddiyyətli bir dil istifadə edərək "Səninlə mübahisə etməyə çalışdığım
üçün... və səni Hobsçu hesab etdiyim üçün üzr istəyirəm" dedi. Bu zaman,
Nyuton ciddi əsəb problemləri yaşayırdı. Tarixçilərə görə, bu "qaranlıq
ilin" səbəbləri illərlə həddindən artıq işləmək, əlkimya təcrübələrində
ağır metallara məruz qalmaq, Fatiodan sonra yaşanmış emosional sarsıntı və elmi
mübahisələrin onun üstündə yaratdığı təzyiq idi. Hətta onun öldüyü barədə
şayiələr bütün Avropaya yayıldı. Nyuton sağaldı, lakin bu hadisədən sonra onun
yaradıcı elmi karyerası demək olar ki, tamamilə başa çatdı. Artıq geriyə qalan,
parlaq bir zehnin köhnə kəşflərini səliqəyə saldığı və müdafiə etdiyi uzun bir
qocalıq dövrü idi.
Zərbxananın direktoru
1696-cı ildə Nyuton
İngiltərədəki Kral Zərbxanasının direktoru vəzifəsində çalışmağa başladı və
ildə 600 funt sterlinq maaş alırdı. Bu vəzifə Nyutona aktiv və ictimai həyata
addım atmağa imkan verdi.
Nyutonun Zərbxanadakı ən böyük
nailiyyətlərindən biri saxta pul istehsalı ilə mübarizə idi. Həmin dövrdə saxta
pullar Britaniya iqtisadiyyatı üçün ciddi təhlükə yaradırdı. Nyuton bu problemi
həll etmək üçün böyük əzmlə çalışırdı. Fırıldaqçıları tutmaq və mühakimə etmək
üçün çox böyük səy göstərirdi.
Nyutonun ən böyük rəqibi
Uilyam Şaloner idi. Şaloner hiyləgərliyi ilə Nyutonla mübarizə aparırdı. Lakin
Nyuton öz qətiyyəti və ədalətə inamı sayəsində sonda Şaloneri tutduraraq
mühakimə etdirməyi bacardı. Şaloner vətənə xəyanətdə mühakimə olundu və 1699-cu
ildə edam edildi.
Zərbxanada işlədiyi müddətdə
Nyuton yeni sikkələrin hazırlanması proseslərinə də nəzarət edirdi. Bu prosesdə
o, saxtakarların işini çətinləşdirmək üçün yeni təhlükəsizlik tədbirləri
hazırlayıb, həmçinin valyutanın sabitliyini təmin etmək və iqtisadiyyata inamı
bərpa etmək üçün mühüm islahatlar həyata keçirib.
O bu fəaliyyətlərinə görə
1705-ci ildə “Ser” titulu alıb. Böyük mənzilə, 6 nökərə və fayton-arabaya malik
olmasına baxmayaraq, Nyuton yenə də tənha idi.
Nyuton və birja
Nyuton 1700-cü illərin
əvvəllərində London Birjasında ticarətlə məşğul idi. Həmin dövrdə birja
xüsusilə İngiltərədə böyük diqqət çəkməyə başlamışdı və Nyuton birjada ticarət
etmək istəyirdi. Əvvəllər Nyuton kifayət qədər ehtiyatlı davranır və kiçik
addımlarla ticarət edirdi. Lakin zaman keçdikcə daha böyük risklər almağa
başladı. Bu böyük risklərin nəticəsində Nyuton 1720-ci ildə yaşanmış
"Cənub Hissə Sənədləri Köpüyü" adlı böyük maliyyə böhranının şahidi
oldu. Cənub Səhmdar Cəmiyyətinin səhmləri birdən-birə həddindən artıq
qiymətlənmiş və iqtisadiyyatda “Köpük effekti” olaraq səciyyələndirilən bir
situasiya yaratmışdı. O vaxt Nyuton bu səhmlərə investisiya qoymuş və yaxşı
qazanc əldə etmişdi. Lakin “köpük” partladıqdan sonra o, ciddi itkilər verdi.
Bu itkilərdən sonra Nyuton bir daha heç vaxt investisiya qoymamağa qərar verdi.
Hətta bu hadisə ilə bağlı ona aid edilən məşhur bir ifadəni yada salmaq yerinə
düşər: "Mən göy cisimlərinin hərəkətini hesablaya bilirəm, insanların
dəliliyini yox." Bu sözün həqiqətən Nyutona məxsus olub-olmaması
mübahisəli məsələ olsa da, onun yaşadığı məyusluğu çox yaxşı ifadə edir.
Kral Cəmiyyətinin prezidenti
1703-cü ildə, əzəli düşməni
Robert Hukun ölümündən sonra, o, Kral Cəmiyyətinin prezidenti seçildi. O, bu
vəzifədə iyirmi dörd il qalaraq bu vəzifəni ölənə kimi əlində tutdu. Nyutondan
əvvəl cəmiyyətin maddi vəziyyəti zəif idi, yeni elmi fikirlər nadir idi,
üzvlərin sayı azalmışdı. Cəmiyyətin həftəlik iclaslarında və şurasında da
iştirak çox aşağı idi. Nyuton cəmiyyətin bu vəziyyətini düzəltmək üçün
fəaliyyət planı hazırladı. Bu plana əsasən, cəmiyyət təbiətin fəaliyyətini kəşf
etmək, onu ümumi qayda və qanunlarla ifadə etmək, müşahidə və təcrübələr yolu
ilə bu qaydaları müəyyən etmək, hadisələrin səbəb və nəticələrini üzə çıxarmaq
kimi əsas vəzifələrini diqqət mərkəzində saxlamalıdır. Bu vəzifələri yerinə
yetirmək üçün Nyuton hər iclasa qatılacaq və mexanika-riyaziyyat,
optika-astronomiya, zoologiya, kimya və botanika sahələrində müntəzəm
təcrübələr aparacaq dörd təcrübəçinin işə götürülməsini təklif etdi. Nyuton
həmçinin cəmiyyətin daimi bir yer və daha çox üzvlə təmin edilməsi üçün səy
göstərdi. Nyuton Kral Cəmiyyətinə prezidentliyi dövründə ciddi nizam-intizam
tətbiq edirdi. Görüşlərdə pıçıldamağa, danışmağa, gülməyə imkan vermirdi.
Nyuton istəyirdi ki, hər şey diqqətlə, ciddi və nizam-intizamla həyata keçirilsin.
Nyutonun bu münasibəti yığıncaqlarda iştirak edənlər arasında heyranlıq
doğurdu. Bu islahatlar öz bəhrəsini vermişdi. Nyutonun prezidentliyi dövründə
cəmiyyət maddi cəhətdən möhkəmlənmiş, yeni elmi kəşflərin mərkəzinə çevrilmiş,
nüfuzu yüksəlmişdir. Nyutonun təsiri ilə cəmiyyət Avropanın aparıcı elmi
təşkilatlarından birinə çevrilib.
1704-cü ildə o, uzun müddətdir
ki, gizlətdiyi optika sahəsindəki tədqiqatlarını "Optika" adı altında
nəşr etdirdi. Bu kitabı bu qədər gecikdirməsinin səbəbi Nyutonun Hukun ölümünü
gözləməsi idi. Bu kitab, Principia-dan fərqli olaraq, ingilis dilində idi və
daha geniş auditoriyaya çatdı. Kitabda işıq və rənglər haqqında mühüm
məlumatlar var və eksperimental metodun əhəmiyyəti vurğulanır. Kitabda əksetmə,
refraksiya, linzalar və gözün işləməsi kimi mövzular da yer alır. Kitabın
sonundakı "Suallar" bölməsində onun təbiət fəlsəfəsindəki ən
cəsarətli fikirlərindən bəziləri yer alırdı; o, kainatın boşluqla dolu
olduğunu, işığın hissəciklərdən ibarət olduğunu və bütün təbiət hadisələrinin
cazibə və itələmə qüvvələri ilə izah edilə biləcəyini iddia edirdi.
Lakin, bu dövrdə alman
riyaziyyatçısı Leybnizlə mübahisəsi “müharibə”yə çevrildi. Nyuton Leybnizin
onun kəşflərini oğurladığını iddia etdi. Bu mübahisə Britaniya elmi
ictimaiyyətini onilliklər boyu qitə Avropasının elmi ictimaiyyətinə qarşı
qoydu. Nyuton bu məsələ ilə məşğul olması üçün cəmiyyət çərçivəsində xüsusi
komitə yaratdı. Kral Cəmiyyətinin nüfuzundan istifadə edən Nyuton, Leybnizi
qərəzsiz kimi görünən şəkildə qınayan rəsmi hesabat dərc etdi. Bu hesabat
əslində Leybnizin şəxsiyyətinə sui-qəsd idi və bu gün bir çox tarixçi
tərəfindən tamamilə qərəzli və ədalətsiz hesab olunur. Özünü haqsız hiss edən
Leybniz, Nyutona qarşı mübarizəsini ömrünün sonuna qədər davam etdirdi. Gəlin, bu
mübahisənin dərinliklərinə nəzər salaq. Nyuton 1660-cı illərin ortalarında,
hələ iyirmi yaşlarının əvvəllərində ikən kalkulusu inkişaf etdirməyə
başlamışdı. Həmişə olduğu kimi Nyuton yenə də öz kəşflərini dərc etməkdə
tərəddüd etdi. Leybniz 1670-ci illərin ortalarında müstəqil olaraq öz
diferensial metodunu işləyib hazırladı və 1684-cü ildə nəşr etdi. Leybnizin
əsəri çap olunduqdan sonra kimin üstün olduğu ilə bağlı mübahisə yarandı.
Nyutonun tərəfdarları iddia edirdilər ki, Leybniz 1676-cı ildə Londona səfər
edərkən Nyutonun nəşr olunmamış bəzi əsərlərinə çıxış əldə edib və bu
məlumatlardan öz metodunu hazırlamaq üçün istifadə edib. Leybniz isə öz
metodunu Nyutondan asılı olmayaraq inkişaf etdirdiyini müdafiə edirdi. Müzakirə
illər boyu davam etdi, hər iki tərəf iddialarını dəstəkləmək üçün müxtəlif
dəlillər təqdim etdi. Müzakirələr şəxsi hücumlara və akademik nüfuza çevrildi.
Nyuton Kral Cəmiyyətinin prezidenti vəzifəsindən istifadə edərək, Leybnizi
ittiham etmək və gözdən salmaq üçün komitə yaratdı. Bu komitə Nyutonun lehinə
hesabat dərc etdi və Leybnizi plagiatda ittiham etdi. 1716-cı ildə Leybniz
vəfat edəndə mübahisə hələ də həll olunmamışdı. Araşdırmalar Nyutonun
Leybnizdən çox daha erkən kalkulusu inkişaf etdirdiyini ortaya qoyur.
Nyutonun dinə baxışları
Xatırlayırsınızsa, daha əvvəl
Nyutonun dini baxışlarını müzakirə edəcəyimizi demişdim. Bəli, indi o
nöqtədəyik. Elmi işlərindən əlavə, Nyuton ilahiyyatla və dinlə çox yaxından
məşğul idi və dinə səmimi qəlbdən inanırdı. O, Tanrını hər yerdə mövcud olan,
tam ağıllı, hər şeyi görən, eşidən və hər şeyi bilən, sonsuz varlıq kimi
görürdü. Bu düşüncələrində Kembric Platonistlərindən təsirlənmişdi, lakin
onlardan kənara çıxaraq birbaşa ilkin mənbələrə müraciət edirdi. Ənənəvi
çərçivələrdən kənarda Xristianlığı geniş şəkildə anlayan Nyuton həm
intellektual, həm də emosional cəhətdən özünü arianizmlə eyniləşdirdi və hətta
sonradan bu doktrinanı şagirdi Klark vasitəsilə canlandırmağa çalışdığı barədə
şayiələr də var idi.
O, Henri Mor ilə Vəhy Kitabı -
Apokalipsis və onun peyğəmbərlikləri haqqında dərin müzakirələr aparmış və
Morun peyğəmbərliklərə verdiyi şərhləri oxuyanda çox sevinmişdi. O, İsa Məsihin
peyğəmbərliyini qəbul etmiş və dinin prinsiplərini ümumiləşdirməyə çalışmışdı.
Onun dini yazıları latın və
ingilis dillərində bir milyondan çox sözü əhatə edir. Nyuton xüsusilə
esxatologiya və ya axır zamanın tədqiqi ilə maraqlanırdı. Nyuton Məsihin İkinci
Gəlişi kimi hadisələri proqnozlaşdırmaq üçün İncildəki simvolları şərh etmişdi,
İncil xronologiyasına əsaslanan mürəkkəb hesablamalardan irəli gələrək
qiyamətin 2060-cı ildən tez baş verə bilməyəcəyini düşünürdü.
1680-ci illərdə yazmağa
başladığı, lakin tamamlamadığı ən vacib ilahiyyat əsəri olan Theologiae
gentilis origines philosophicae müəyyən mənada ilk deist traktatlarından biri
hesab olunur. Bu əsərdə Nyuton Tanrıya hər şeyi bildiyinə, hər şeyi gördüyünə,
ümumiyyətlə, bu kimi xüsusiyyətlərinə görə yox, kainatı iradəsinə uyğun olaraq
yaratmaq və idarə etməkdəki "hərəkətlərinə" görə ibadət edilməli olduğunu
iddia edirdi. O, həqiqi dinə gedən yolun təbiətin quruluşunu öyrənməkdə
olduğunu və geosentrik, yəni yer mərkəzli astronomiyanın dinin pozulmasından
irəliyə gəldiyini iddia edirdi. Nuhun tufanı haqqındakı hekayəni bəşəriyyətin
ortaq mənşəyi kimi qəbul etsə də, Musa
peyğəmbərin (və ya Tövratın) yaradılış hekayəsinin dəqiqliyini Finikiya və
Xaldey kimi digər qədim mənbələrlə müqayisə edərək yoxlamışdı.
Riçard Bentliyə yazdığı
məktublarda o, kainat sisteminin yalnız mexaniki zərurətlərdən yarana bilməyəcəyini,
mütləq ağıllı bir Yaradanın varlığını tələb etdiyini iddia edir və sisteminin
Tanrıya olan inanca xidmət etdiyindən məmnunluğunu ifadə edirdi. Məktubun digər
sətirlərində Nyuton yazırdı: “Qravitasiya planetlərin hərəkətini izah edir,
lakin planetləri kimin hərəkətə gətirdiyini izah edə bilməz. Allah hər şeyi
idarə edir və hər şeyi bilir”.
Hətta "Optika" və
"Principia" - nın qaralamalarında o, sonsuz fəzanı Tanrının hiss
mərkəzi kimi təsvir etməyi düşünsə də, sonradan bu ifadəni çox cəsarətli hesab
edərək düzəltmişdi.
Riyaziyyatçı Nyuton
Bura kimi, Nyutonun çox sahədə
geniş fəaliyyətindən danışmışıq. Bir teoloq, fizik, prezident, əlkimyaçı,
direktor, professor və riyaziyyatçı. Gəlin, Nyutonu bir daha bu dəfə riyazi
perspektivdən tanıyaq.
Nyutonun Qrantamda yüksək
riyazi təhsil almadığı düşünülsə də, Qrantam məktəbinin direktoru Henri Stoksun
1654-cü ildə əlyazma ilə yazdığı “Riyazi Qeydlər” onun Kembricə gəlməzdən əvvəl
riyaziyyatda heç də təcrübəsiz olmadığını göstərir.
“Mirabilis Annus” zamanı
Nyuton öz dövründəki bütün riyazi yenilikləri mənimsəmiş və Avropa
riyaziyyatını inkişaf etdirmişdi. O, əyrilər altındakı sahələri, dəqiq desək,
hiperbolanın sahəsini hesablamaq üçün binom sıralarından və Paskalın üçbucaq
əmsallarından istifadə edərək riyazi cədvəllər hazırlamışdı.
Onun riyaziyyatda dahi olması
müəllimləri İsaak Barrou və Con Kollins tərəfindən tanınmış və onlar Nyutonu öz
mühazirə qeydlərinin və qədim riyaziyyatçıların mühazirə qeydlərinin təhlil
edilməsinə cəlb etdilər. O, ətrafındakılara Dekartın "Həndəsə"
əsərini başa düşməyə kömək edir və xarici mənbələrdən aldığı riyaziyyat
suallarını cavablandırırdı.
Dəyişənlərin hesablamasını
həndəsə ilə birləşdirsə də, müasir analizin kobud sübutlarını bəyənməmiş, bunun
əvəzinə antik dövrün həndəsi sintez metodlarına və "ilk və son nisbətlər
metoduna" müraciət etdi. Buna görə də, kalkulus onun şah əsəri
Principia-nın əsasını təşkil etsə də, teoremləri klassik həndəsə üslubunda
təqdim etməyi seçdi.
1670-ci illərdə cəbr və
analitik həndəsə üzrə əsərlərinin toplusu olan Universal Arifmetika
(Arithmetica Universalis) kitabı Leybniz tərəfindən Acta Eruditorum-da
fövqəladə keyfiyyətlərə malik olduğu üçün tərifləndi. Ömrünün son illərində o,
bu riyazi əsərlərin və kitabın ikinci nəşrinin nəşrində iştirak etmişdi. Bundan
əlavə, Principia-nın ikinci nəşrinin hazırlanması zamanı o, bir sıra təhlillər
vasitəsilə Yohann Bernullinin etiraz etdiyi mürəkkəb hesablama səhvini şəxsən
müəyyən edib və düzəltmişdi.
Nyutonun şəxsiyyəti və onun
sosial-psixoloji strukturu
Nyuton utancaqlığı və
təvazökarlığı ilə seçilib. O, təvazökarlıqla deyirdi: "Hamının məni nə
hesab etdiyini bilirəm, lakin özüm-özümə dəniz qırağında oynayan və hamar daş,
yaxud adi görkəmdə olmayan gözəl balıqqulağı tapanda sevinən uşaq kimi görünürəm,
halbuki qarşımda tədqiq edilməmiş böyük okean durur".
O, uzun müddət öz elmi
kəşflərini dərc etdirməyə belə qərar verə bilməyib, hətta Principia-nın bəzi
hissələrini belə məhv etməyə cəhd edib. Bir dəfə Nyutondan xahiş edirlər ki,
bəzi elmi işlərinin Kral Cəmiyyəti tərəfindən dərc olunmasına icazə versin.
Alim bir şərtlə razılıq verib ki, bu elmi işlərin müəllifinin adı
göstərilməsin. Bu məsələ ilə bağlı yaranmış anlaşılmazlığı isə o, belə izah
edib: "Məşhurluq yalnız mənim tanışlarımın dairəsini genişləndirə bilər,
mən isə onların sayını hər vasitə ilə məhdudlaşdırmağa çalışıram".
Alim tələbələrinə deyirdi:
“Elmləri öyrənərkən nümunə daha faydalı qaydadır. Bildiklərimiz bir damla,
bilmədiklərimiz okeandır. Bilik real və yenilməz qüvvədir. Məhz bilik sərvət və
kapitaldır. Böyük yaradan biliyi seçmə adamlara verir”.
Böyük alimlə onun yaşlı
çağında tanış olan doktor Pemberton bu dahinin təvazökarlığından
heyrətləndiyini yazırdı. Onun sözlərinə görə, Nyuton həddən artıq gülərüzlü
idi, digər dahilərə məxsus olan bir sıra məziyyətlər ona yad idi. O, hər bir
cəmiyyətə çox uğurla uyğunlaşa bilirdi və onda heç bir təkəbbürlük əlaməti yox
idi.
Nyuton elm uğrunda canını fəda
etməyə hazır idi. Optikanı araşdırarkən, insanın görməni qavrayışını və optik
sinirlərin reaksiyasını ölçmək üçün kor olmaq təhlükəsini gözə alaraq tək gözlə
saatlarca Günəşə baxmışdı. Bununla da kifayətlənməyib, göz yuvasının arxasına ucu
kütləşdirilmiş bir iynə yeridərək torlu qişanın əyriliyini dəyişdirmiş və
sıxılma zamanı yaranan rəngli dairələri müşahidə etmişdi. Bu cür qorxulu
sınaqlardan ehtiyat etməməsi onun elmə verdiyi dəyəri sübut edir.
Onun işinə bu dərəcədə dəyər
verməsi ətrafındakıları heyrətə salırdı. Otaq yoldaşı Nikolas Vikins
xatırlayırdı ki, Nyuton səhərlər yatağından yeni teoremlər kəşf etməyin verdiyi
sevinclə, bütün gecəni yuxusuz keçirməyinə heç bir əhəmiyyət vermədən qalxırdı.
Hətta Nyutonun yemədiyi, daha dəqiq desək toxunmadığı yeməkləri yeyən pişiyi
isə həddindən artıq piylənmişdi. Bu məqamda Nyutonun pişiyi ilə bağlı məşhur
bir rəvayəti yada salmaq yerinə düşər. Rəvayətə görə, bir gün Nyuton
pişiklərinin otağa girib-çıxması üçün qapıda iki deşik açır: biri böyük pişik,
digəri isə böyük pişiyin balası üçün. Məsələ burasındadır ki, bala pişik böyük
dəlikdən rahat bir şəkildə keçə bilərdi. Yəni 2-ci bir dəliyə lüzum yox idi.
Nyuton həmçinin yaddaşını
yaxşılaşdırmaqla məşğul idi; Xırda detalları belə unutmamaq üçün dağınıq və
mürəkkəb qeydlər edərdi. Qeydlərini o qədər dağınıq aparırdı ki, hətta bəzən
özü belə onları başa düşməkdə çətinlik çəkirdi.
Son
Nyuton ömrünün son illərində
özünü yalnız elmi işlərinə deyil, həm də Kitabi-Müqəddəsi təfsir etməyə,
xronologiyasını hazırlamağa və peyğəmbərləri şərh etməyə həsr etmişdi. O,
dünyanın nə vaxt yaradıldığını hesablamağa çalışmışdı. Onun üçün kainat
Tanrının varlığının və suverenliyinin ən böyük sübutu idi. Həyatının son
günlərində Nyuton həddən artıq varlanmışdı və pul paylayırdı. Özünün daha çox
pula ehtiyacı olduğu vaxtlarda belə o, yaxınlarına və uzaq qohumlarına əl
tutmuşdu. İbadət etdiyi kilsəyə böyük miqdarda pul bağışlamışdı, gənc
tələbələrə maddi yardım göstərirdi. O, 1727-ci ildə, 20 mart tarixində
Londondakı evində 84 yaşında vəfat etmiş, 28 martda Vestminster Abbatlığında
dəfn edilmişdi. Onu da deyim ki, onun müəllimi İsaak Barrou da məhz burada -
Abbatlıqda dəfn edilmişdi. Tabutu Kral Cəmiyyətinin əksər üzvləri tərəfindən
məzara qədər müşayiət edilmişdi. Lord Kansler, Montros və Roxburq hersoqları,
həmçinin Pembrok, Sasseks və Maklesfild qrafları tabut daşıyıcıları idilər. Ser
Maykl baş yasçı idi. Onun dəfn günü ölkədə milli matəm elan olunub.
Vəsiyyətnaməsində və son qeydlərində "Mən Tanrının varlığına
inanıram" yazmışdı.
Nyuton onu dahiliyə yüksəldən
kəşfləri ilə yanaşı, qəribə şəxsiyyəti ilə də yadda qalmışdır. O, heç vaxt öz
ruhunun dərinliklərini tam araşdırmamış, lakin bəşəriyyət tarixinin ən böyük
dahilərindən biri olmağı bacarmışdır. Eynşteynin düzəlişlərinə baxmayaraq,
gündəlik həyatda istifadə etdiyimiz fizikanın böyük hissəsi hələ də Nyutonun
qurduğu kainatın içində işləyir. Unutmamalıyıq ki, Nyuton saf dahi deyildi; o,
ziddiyyətli bir qəhrəman, əsrləri qabaqlayan riyaziyyatçı, gizli kimyagər və
bir teoloq kimi öz qaranlıq hissləri və tənhalığı ilə daim mübarizə aparırdı.
Bəli, bu Nyutonun hekayəsi idi və bitdi.